ARNOLD SCHWARZENEGGER HAQQINDA ÜMUMİ MƏLUMAT (ŞƏXSİ MƏŞQ PROQRAMI)

Qurulduğumuz gündən bu yana çox məqalə paylaşdıq. Lakin Arnold Schwarzenegger haqqında bugünə qədər heç məlumat paylaşmadıq. Əziz Bodyfitness izləyiciləri! Artıq bir çoxunuzun axtardığı Arnoldun heç yerdə olmayan şəxsi məşq proqramını Bodyfitness fərqi ilə təqdim edirik. Qeyd edək ki, bu proqram professionallar üçün nəzərdə tutulub. Yeni başlayanlara məsləhət görülmür. Öncə Arnold Schwarzenegger ilə tanış olaq.

HƏYATI

Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi. Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Dünya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir. 21 yaşı tamam olanda Arnold ABŞ-a köçür. Bodibildinq məşqlərini burda da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə o daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə artıq milyonçu olur. 1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. 4 uşağı var. Arnold ürəyində 2 əməliyyat keçirmişdir və sağlamlığı ilə bağlı olaraq daima narahatdır. Atasının təsiri altında Arnold Şvartsenegger futbolla məşğul olsa da, sonralar bodibildinqə üstünlük verib. Kaliforniyanın 38-ci qubernatoru, respublikaçı Arnold Schwarzenegger düz yeddi dəfə “Mister Olimpiya” titulunu qazanıb. Onun IQ-sü 135-dir. Arni bir zamanlar hərbi xidmətdə olarkən sürücü-mexaniki olduğu М47 tankını Avstriya hökumətindən 1,4 milyon dollara alaraq, Amerikaya gətirib. Əvvəlcə tankı muzeyə versə də, sonradan geri götürərək evinə yaxnın ərazidə quraşdırıb. Т800 filmindəki Terminator obrazına görə Arnold Schwarzenegger qonorar olaraq Gulfstream III təyyarəsini alıb. 1991-ci ildə ekranlaşdırılan “Terminator-2 : Qiyamət günü” filmindəki baş roluna görə onun aldığı qonorar 12 milyon dollar olub. Film boyunca o, təxminən 700 söz işlədib. Beləliklə də Kaliforniyanın keçmiş qubernatorunun ağzından çıxan hər söz 17,143 dollarla qiymətləndirilib. Bu filmdən sonra o, bir daha mənfi obraz yaratmayacağına söz versə də, 1997-ci ildə “Betmen və Robin” filmində Mister Friz obrazını canlandırıb. Boyu 1 metr 88 santimetr olan Arnold Şvartsenegger bir filmə görə 30 milyon dollar qonorar alan ilk aktyordur. İlk dəfə ekranda o, azbüdcəli “Herakl Nyu-Yorkda” filmində görünüb. Onun ingiliscəsi o qədər bərbad olub ki, Arninin yaratdığı qəhrəmanı ayrı aktyor səsləndirib. Onun soyadı alman dilindən tərcümədə qara əkinçi deməkdir. Çətin tələffüz edilən soyadından müvəqqəti imtina edərək, öz kinokaryerasına Arnold Stronq yəni güclü ləqəbi ilə başlayıb. 30 yaşında artıq milyonçuya çevrilən Arnold uğurlu yatırımlar etməklə daha da varlanıb. 21 yaşında Amerikaya gələrəkən ingiliscə güclə danışan Arnolda Hollivudu fəth etməyə heç nə mane ola bilməyib. 2002-ci ildə onun doğma şəhəri Qrasda Terminatora heykəl qoymaq istəyiblər. Lakin layihəyə Arnoldun öz şəxsi istəyi əsasında xitam verilib. Buna baxmayaraq, həmin şəhərdə onun adını daşıyan stadion var. 2004-cü ildə Havay adalarında istirahət edən Schwarzenegger dənizdə batan adamı xilas edib.

KARYERASI

22 yaşında o özünü aktyor kimi sınamaq qərarına gəlir və Hollivuda üz tutur. Prodüsserlərin Arnoldun xarici görünüşü və bədən quruluşundan xoşları gəlsə də, onun soyadının çətin səslənməsi onları "Herkules Nyu-Yorkda" (Hercules In New-York) filmində onun adı və soyadını Arnold Stronq kimi qeyd etmələrinə səbəb olmuşdu. 1976-cı ildə çəkildiyi "Ac Qal" (Stay Hungry) filmindəki roluna görə o perspektivli aktyor nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülmüşdü. İlk ciddi filmləri 1982-ci ildə çəkildiyi Barbar Konan (film, 1982) (Conan the Barbarian) və 1983-cü ildə çəkildiyi Dağıdıcı Konan (Conan the Destroyer) filmləri olmuşdu. İlk böyük uğuru isə 1984-cü ildə rejissor Ceyms Kemeronun çəkdiyi "Terminator" (The Terminator) filmi olmuşdur. Büdcəsinin az olmasına baxmayaraq film kasset kirayəsində uzun müddət birinci yeri tutmuşdur. Bundan sonra o 1985-ci il "Kommando" (Commando), 1987-ci ildə isə "Yırtıcı" (The Predator) və "Qaçan Adam" (The Running Man) kimi filmlərdə tənha super-qəhrəman kimi çəkilmişdir. Arnold özünü komediya filmlərində sınamaqdan da çəkinməmişdir. 1988-ci ildə çəkildiyi "Əkizlər" (The Twins) filmində onun tərəf müqabili Denni DeVito olmuşdur. Bundan sonra Arnold periodik olaraq 1990-cı ildə "Uşaq Bağçası Polisi" (Kindergarten Police), 1994-cu ildə "Junior" (Junior), "Doğru Yalanlar" (True Lies) kimi bu növ filmlərdə çəkilmişdir. 1991-ci ildə Ceyms Kemeron tərəfindən çəkilən "Terminator 2: Axirət günü" (Terminator 2 – Judgement Day) filmi olduqca böyük uğur və 4 Oskar mükafatı qazanmışdır. Onun filmləri arasında uğur qazanmayan 1997-ci ildə çəkilən "Betmen və Robin" (Batman and Robin) və 1993-cü ildə çəkilən "Son Kino Qəhrəmanı" kimi filmlər də olmuşdur (Last Action Hero).

SİYASƏTÇİ HƏYATI

Arnold Şvartseneggerin həyat yoldaşı olan Mariya Şrayver ABŞ-ın keçmiş prezidenti olan Con Keneddinin qohumudur. ABŞ Demokratik partiyasının üzvü olan Mariya ilə evlilik onu partiyanın elitası ilə yaxınlaşdırmışdır. Amma Şvartsenegger özü Respublikaçılar Partiyasını dəstəkləyir və 1980-ci ildən ABŞ-ın siyasi həyatında aktiv iştirak edir. ABŞ-ın keçmiş prezidenti olan ata Corc Buş onu bədən tərbiyəsi və idman üzrə prezident şurasının sədri təyin etmişdi. 2002-ci ildə Şvartsenegger məktəblilərin sinifdənxaric məşğələlərinin keçirilməsi üzrə qanun layihəsinin inisiatoru olmuşdu. 2003-cü ildə Şvartsenegger Kaliforniya ştatının qubernatoru vəzifəsi uğrunda mübarizə aparacağını bildirmişdi. O intensiv seçkiqabağı kompaniya keçirmiş və 8 oktyabr tarixində keçirilmiş növbədənkənar seçkilərdə qalib gəlmişdi. Seçkiqabağı kompaniya ərəfəsində Şvartseneggerin rəqibləri ona qarşı informasiya mübarizəsi apararaq, onu qadınlarla kobud rəftarda, narkotik və steroid maddələrin istifadəsində və nasizm ideologiyasına olan simpatiyada günahlandırmışdılar. Qadınlarlarla olan kobud münasibətinə görə üzr istəyən aktyor, nasizmlə bağlı yayılan şayiələri inkar etmişdi. Buna dəlil kimi isə o mütəmadi olaraq yəhudi təşkilatlarına etdiyi bağışları göstərmişdi. 2006-cı ildə Kaliforniya qubernatoru vəzifəsi uğrunda təkrar seçkilər keçirildi. 7 noyabr 2006-cı ildə Arnold Şvartsenegger öz əsas rəqibi olan ştatın maliyyə naziri Fil Encilaydes üzərində qələbə çalaraq əsaslı olaraq Kaliforniya ştatının qubernatoru vəzifəsinə keçdi. Arnold Şvartsenegger Respublikaçıları dəstəkləyən çox az saylı aktyorlardan biridir. Amma o, bir çox məsələlərdə öz partiyadaşlarına nisbətən daha liberal mövqeyə malikdir. Bunlara abort etmə hüququ, odlu silahlar üzərində nəzarət, eynicinsli insanların nigahı və s. aiddir. Amma qubernator olduqdan sonra o, eynicinsli insanların nigahının qeydə alınmasına qadağa qoymuşdu. ABŞ konstitusiyasına əsasən Şvartsenegger Avstriyada anadan olduğuna görə prezident seçilə bilməz. Şvartsenegger özü bu qanun ilə narazıdır və bu qanuna lazımi düzəlişlər edilməsini lazım bilir.

MƏŞQ PROQRAMI

Qeyd edək ki, bu proqram professionallar üçün nəzərdə tutulub. Yeni başlayanlara məsləhət görülmür. Yorulmayasınız!